Gələn il maaş və pensiyalar artırılacaqmı? | Təhlil

   Gələn il maaş və pensiyalar artırılacaqmı?    | Təhlil
  13 Noyabr 2023    Oxunub:7065
Azərbaycanın dövlət büdcəsi həmişə sosialyönümlü olub. Son 20 il ərzində sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Dövlət başçımızın rəhbərliyi altında orta aylıq nominal əməkhaqqı 12, minimum əməkhaqqı isə 38 dəfədən çox yüksəlib. Son 20 il ərzində orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləğisə 14 dəfə artıb.
Gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat təşkil edəcək 2024-cü ilin dövlət büdcəsi də builkindən daha çox sösialyönümlüdür. Funksional təsnifat üzrə proqnoz göstəricələrinə diqqət yetirsək, təhsilə 4 549,9 milyon manat, səhiyyəyə 1 871,3 milyon manat, sosial müdafiə və sosial təminata 4 542,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu kimi digər fəaliyyətə 574,8 milyon manat ayrıldığını görərik.

Təkcə sosial müdafiə və təminat üzrə nəzərdə tutulan 4 542,2 milyon manat xərc cari ilin dövlət büdcəsində proqnozlaşdırılan eyni xərcdən 5% artıq təşkil edir. Halbuki, 2024-cü ilin dövlət büdcəsi həcm baxımından öz sələfi olan cari ilin dövlət büdcəsilə müqayisədə çox az böyüyüb. Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1% təşkil etmir.

Odur ki, sual yaranır: növbəti ilin dövlət büdcəsi həcm baxımından cari ilin dövlət büdcəsindən heç də artıq olmadığı halda, daha çox sösialyönümlü olması sarıdan əməkhaqqları, pensiyalar və müxtəlif təyinatlı sosial ödənişlər yüksəldiləcəkmi?!
Başqa sözlə desəm, 2024-cü ildə ölkədə 2019-cu ildən bəri sayca beşinci sayılacaq sosial paket həyata keçiriləcəkmi?!

2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili kimi yadda qaldı. Həmin ildən ölkədə minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği daha sürətlə və əhəmiyyətli dərəcədə artmağa başladı. Həmin il iki sosial paket həyata keçirildi.
Bunu 2020-ci il ərzində də davam etdirmək nəzərdə tutulurdu. Lakin pandemiya imkan vermədi.
2021 bərpa ili oldu.
2022-ci ildə isə 2019-cu ildəki işlərin davam etdiriləcəyi bəlli idi. 3-cü sosial paketin icrasına məhz 2022-ci ilin əvvəlində gedildi. İki illik fasilədən sonra 2022-ci ildə minimum əməkhaqqı 300 manata, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırıldı.
Bu ilin, yəni 2023-cü ilin ilk günlərində isə Prezident tərəfindən son 5 ildə sayca dördüncü sosial paketin icrasına dair sərəncam imzalanmaqla minimum əməkhaqqı, pensiya məbləği və bütün növ sosial müavinətlər, təqaüdlər artırıldı. Sərəncamla minimum əməkhaqqı yanvarın 1-dən 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləğisə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı.

Anoloji addım gələn il də atılacaqmı?! Buna şərait və zəmin varmı?!

Ölkədə gələn il beşinci sosial paketin icrası üçün imkan və şərait, həmçinin zərurət vardır. 2024-cü ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlər buna imkan yaradır. Eyni zamanda, son illərdə dövlət büdcəsinin icra vəziyyəti, gəlirlərin keyfiyyəti və strukturu cəhətdən də hər cür şərait mövcuddur. Son illər ərzində neftin qiymətləri bizim üçün əlverişli olub, olaraq da qalır. Proqnozlaşdırılandan ikiqat artıq gəlir əldə edirik. İl ərzində büdcənin icrasında profisitin əldə olunması da əsasən bunun nəticəsidir.

Bundan əlavə, 2019-cu ildən büdcəyə gəlirlərin təminində neftdənkənar sahələrdən mədaxilin də müsbət tendensiya üzərində köklənməsi əhəmiyyətli rol oynamaqdadır. Vergi və gömrük kanalları üzrə daxilolmalar ardıcıl olaraq, beşinci ildir nəzərdə tutulandan çox artım nümayiş etdirir.

İkincisi, 2021-ci ilin başlanğıcından bəri davam edən və bu il cüzi zəifləyən bahalaşma və inflyasiya tendensiyası baxımından da əməkhaqqı və sosial ödənişlərin artırılmasına ehtiyac var. Son 5 ildə sayca dörd sosial paketin icrası əhalinin aztəminatlı təbəqəsini 2021-ci ildən start götürən və ötən il, yəni 2022-ci il ərzində də davam edən inflyasiya və bahalaşma tendensiyasının təsir və təzyiqlərdən xeyli dərəcədə xilas edib.

Ancaq bahalaşma və inflyasiya prosesi cüzi azalsa da, qalmaqdadır. Yeri gəlmişkən, cari ilin yanvarın 1-dən tətbiq edilən artımlar keçənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksək idi. 2022-ci ilin əvvəlində minimum əməkhaqqı və pensiya məbləği 20% artırılmışdı. Ərzaq inflyasiyası bunu “yedi”. Builki artım səviyyəsi isə ümumi bahalaşma və inflyasiya həddini üstələsə də, bilavasitə ərzaq inflyasiyasını tam olaraq kompensasiya etmədi, edə də bilməzdi.

Doğrudur, artımlar əhalinin sosial müdafiəsinin təşkilində yararlı oldu. Ancaq bahalaşma davam etdiyindən, il ərzində daha bir belə bir addım atmağa ehtiyac var idi. Son 5 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə artım baş verib.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Sosial-siyasət   Sosial-paket   Maaş  





Xəbər lenti